Çörək bol olmazsa: Ölkədə əsas qida məhsullarının yerli istehsalı nə yerdədir?

36

Pandemiya səbəbindən son bir neçə ildə dünya iqtisadiyyatının zəifləməsi həm də ərzaq qıtlığına səbəb olub. Artıq İranda, Afrikada və digər ölkələrdə ərzaq qıtlığı müşahidə edilir, insanlar çətinlik çəkirlər. Azərbaycanda vəziyyət necədir? Yaranmış problemlərlə bağlı təhlillər aparılırmı? Bizi ərzaq qıtlığı gözləyirmi? Gözləyirsə, hansı qabaqlayıcı tədbirlər görülməlidir? Mövzu ilə bağlı qəzetinə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirdi ki, hazırda qlobal səviyyədə ərzaq təminatı problemləri yaşanır: “Son bir neçə ildə enerji daşıyıcılarının qiymətinin kəskin artması, aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiyməti artıb. Eyni zamanda bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib. Ötən il dünya ölkələrinin iqtisadiyyatına sarsıdıcı zərbə vuran koronavirus pandemiyası bir çox sahələr kimi qida malları ilə təminatda da daxili bazarlara mənfi təsir göstərməkdədir. Belə bir vəziyyət pandemiyadan ən çox zərər çəkmiş ölkələrdən biri olan İranda da müşahidə edilir. Həmçinin, Qərbin sanksiyaları səbəbindən beynəlxalq ticarət əlaqələri zəifləyən bu ölkədə inflyasiya və qiymət artımı məhsul qıtlığına gətirib çıxarıb. Ancaq Azərbaycan hər il yerli istehsalı artırmaqla dayanıqlı ərzaq tədarükünü təmin etməkdədir. Ağır pandemiya ili olan 2020-ci ildə Azərbaycanda kənd təsərrüfatında 2 faiz artım olub. 2021-ci ilin ötən 9 ayı ərzində də kənd təsərrüfatında artım 6,9 faiz təşkil edib. Bu, bir daha təsdiq edir ki, ölkəmizdə əsas qida mallarının yerli istehsal hesabına təmin edilməsi siyasəti faydasını verməkdədir”. Millət vəkilinin sözlərinə görə, ərzaq malları ilə təminatda kənd təsərrüfatının inkişafına dövlətin dəstəyi də mühüm əhəmiyyət kəsb edir: “Ərzaq təhlükəsizliyi strategiyasının uğurla həyata keçirilməsində və aqrar sahənin inkişafında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə verilən güzəştli kreditlərin rolu xüsusi qeyd edilməlidir. İndiyədək verilən güzəştli kreditlərin 63 faizi aqrar sahənin inkişafına, o cümlədən 80 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 20 faizi aqrar sahənin inkişafını stimullaşdıran infrastruktur sahələrinin yaradılmasına yönəldilib. Vergi güzəştləri də ərzaq təhlükəsizliyi sisteminin güclənməsində mühüm rol oynayıb”. A.Hüseynov qeyd etdi ki, ərzaq təhlükəsizliyi strategiyası aqrar sahədə istehsal və emal müəssisələrinin yaradılması, yeni iş yerlərinin sayının artması, yoxsulluğun səviyyəsinin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir: “Bu baxımdan, hökumətin həyata keçirdiyi proqramlar nəzərdə tutulan hədəflərə çatmağa imkan verir. Son 8 il ərzində ölkəmiz ardıcıl olaraq Qlobal Ərzaq Təhlükəsizliyi İndeksindəki mövqeyini yüksəldib. Azərbaycan ötən il həmin hesabatda 53-cü yeri tutub və ərzaq təhlükəsizliyinin təmininə görə Asiya və Sakit okean ölkələri arasında ilk onluqda təmsil olunub”. Kənd təsərrüfatı üzrə ekspert Qadir Bayramlı isə bildirdi ki, Azərbaycanda ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrüfatının, təbii şəraitimizin potensialı var: “Amma lazım olan məsələ onların səmərəli istifadəsidir. Əgər potensialdan səmərəli istifadə etsək, ən azı 80-90 faiz yerli məhsul, istehsal hesabına ərzaq təhlükəsizliyimizi təmin edə bilərik. Azərbaycanın ekoloji təmiz məhsullar yetişdirməsi üçün çox böyük potensialı var. Qida təhlükəsizliyinin təməlində “strateji məhsul” deyə biləcəyimiz məhsulların təminatı durur. Bura un, şəkər və yağ daxildir. Yerli istehsal hesabına bu tələbatı ödəmək imkanlarımız var. Misal üçün, şəkər çuğunduru yetişdirmək və onu istehsal etmək üçün şəkər zavodu var. Sadəcə, bu zavodun istehsal həcmini artırmaq lazımdır. Eləcə də, qarğıdalıdan və günəbaxandan bitki yağı istehsal etmək imkanlarımız var. Hətta kərə yağı üçün də bunu demək mümkündür”. Ekspert hesab edir ki, bir nömrəli məsələ un təminatı ilə əlaqədardır: “Biz un istehsalında istifadə olunan buğdanın xeyli hissəsini xaricdən alırıq. Xüsusən, Rusiya, Qazaxıstan və digər ölkələrdən idxal edirik. Azərbaycanın yerli taxıl istehsalı 3,5 milyon ton civarındadır. Onun da təxminən 2 milyon tonu buğdadır. Təəssüf ki, biz istehsal olunan buğdanın böyük əksəriyyətini heyvan yemi olaraq istifadə edirik. Bununla da, un istehsalında yerli buğdadan az istifadə olunur. Bunun səbəbi odur ki, əvvəllər rayonlarda böyük dəyirman şəbəkələri vardı. Sonra o dəyirmanları sökdülər. İndiki böyük dəyirmanlar xaricdən gətirilən yumşaq buğdanı üyütmək üçün qurulub. Yəni quruluşu elədir. Buna görə də, bizim sərt buğdamızı üyüdən dəyirman şəbəkələrini genişləndirmək lazımdır. Şahidi oluruq ki, ildən-ilə Rusiya və digər ölkələr buğda ixracını azaldır. Ona görə də, işimizi ehtiyatlı tutmalıyıq və yerli taxıl hesabına un, çörək məmulatlarının istehsalını təşkil etməliyik. Bu, bir nömrəli məsələdir. Digər yandan hesab edirəm ki, Qida Təhlükəsizliyi Agentliyinin müəyyən fəaliyyəti var, amma artırılmalıdır. Bütövlükdə qida təhlükəsizliyini təmin etmək üçün imkanlarımız var. Sadəcə effektiv və səmərəli kənd təsərrüfatı siyasəti lazımdır. Bunu həyata keçirsək, ölkəmizin, xalqımızın qida məhsuluna olan tələbatının ən azı 80 faizini öz gücümüzə ödəmək imkanımız var”.

Əvvəlki məqaləNigar Camal: “Necə şərəfsiz olasan ki, 11 yaşlı uşağa göz dikəsən” – FOTO
Növbəti məqalədəRöyadan Tünzaləyə cavab: “Mən sənin tərbiyəni pozdum” – VİDEO